Vücudunu gözəlləşdirmək istəyən iki övlad anası başına gələcək faciəni bilsəydi, həmin günü klinikaya yollanmaq əvəzinə o məkana yolu ümumiyyətlə, unudardı.
Amma o, baş verəcək olayları təxminləyə bilməzdi.
ABŞ-ın Los-Anceles şəhərində yaşayan 47 yaşlı Epril Braun indi əlildir. Onun ayaqları dizdən, qolları isə dirsəkdən kəsilib.
Səbəb plastik cərrahiyyədir.
Plastik cərrahiyyə klinikasına, məşhur mütəxəssisin yanına yollandığını düşünən Epril əslində fırıldaqçının toruna düşdüyünü anlamamışdı.
Onun vücuduna silikon implantat əvəzinə, adi vanna geli inyeksiyası vurulmuşdu.
Gel vurulandan sonra bədəni şişən Epril iki həftə sonra ayaqlarında və qollarında dəhşətli ağrılar hiss etməyə başlayıb. Bir qədər keçəndən sonra isə 47 yaşlı qadının qollarında və ayaqlarında qara ləkələr yaranıb.
Ağrılar şiddətlənib.
Hospitala müayinə üçün gedən Epril eşitdiyi diaqnozdan şoka düşüb. Həkimlərin dediklərinə görə, onun qolları və ayaqları kəsilməliydi. Əks təqdirdə qadın ölə bilərdi.
"Başıma gələnlər gözəllik üçün plastik cərrahiyyə əməliyyatlarına, şarlatanlara və fırıldaqçılara üz tutanlara dərs olsun. Həyatdan küsmədim. Qollarım və ayaqlarım yoxdur, amma indi yeni həyatımı yaşayıram", - Epril deyib.
Epril Braun əlil olsa da, ruhdan düşməyib. O, yüngül atletika ilə məşğul olur. Hətta Pasadena şəhərində əlillər arasında triatlon yarışlarına da qatılıb.
Amerika Plastik Cərrahlar Cəmiyyəti (American Society of Plastic Surgeons, ASPS) isə bəyan edib ki, Epril plastik cərrahın yox, fırıldaqçının qurbanı olub: "Buna görə də plastik cərrahiyyə əməliyyatı üçün həkimlərdən yan keçərək pula qənaət etmək məqsədilə fırıldaqçılara, özlərini "cərrah" adlandıran şarlatanlara üz tutmayın".
Öz gözəllik salonu olmuş stilist Epril Braun faciəyə səbəb olmuş "plastik cərrahiyyə əməliyyatı"nın fəsadlarının aradan qaldırılması üçün indiyədək 27 əməliyyata məruz qalıb.
/milli.az/