7 Noyabr 2015 15:30
1 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Brifinq"in qonağı noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərdə qalib gəlmiş deputat Elman Nəsirlidir. Yeni Azərbaycan Partiyasının (YAP) beynəlxalq əlaqələr komissiyasının katibi olan Elman Nəsirli parlamentin yeni deputatlarındandır. Deputat kimi fəaliyyət planlarını açıqlayan Elman Nəsirli Qərbin təzyiqindən, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mümkün variantlardan danışıb.

“Partiya namizədliyimi yeni nəslin nümayəndəsi kimi irəli sürüb”

Nərgiz Ehlamqızı: Elman müəllim, parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərindən biri idiniz. Milli Məclisə seçilən yeni deputatsınız. Deputat olmaq necə hissdir?
- Çox xoş hissdir (gülür). Ümumiyyətlə, qalib gəlmək insan üçün xoş hiss yaradır. Namizədliyimin Yeni Azərbaycan Partiyasının sıralarından 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən irəli sürülməsini partiya rəhbərliyinin mənə olan böyük etimadı kimi dəyərləndirirəm. Eyni zamanda, bu, böyük məsuliyyətdir. YAP-ın 660 mindən artıq üzvü var, Cənubi Qafqazda say tərkibi baxımından ondan böyük partiya yoxdur. 700 min nəfər içərisindən namizəd seçmək potensialı genişdir. Əsas problem odur ki, kimin namizədliyini verəsən? Çox nüfuzlu ziyalılar, akademiklər, siyasətçilər, iqtisadçılar, professorlar var. Onların içərisindən məhdud kontingenti seçmək lazımdır. Müxalifət partiyalarında isə belə problem yoxdur. Uzağı liderlərin namizədliyi dəqiq olur, digər dairələrdən isə namizədləri formal irəli sürürlər. Həmin namizədi heç kim tanımır, onun məğlub olacağı da labüddür. Amma YAP-da mənzərə fərqlidir. 700 minə yaxın insanın cəmləşdiyi bir partiyadan məhz sənin də namizədliyinin irəli sürülməsi yəqin ki, bir çox mühüm parametrlərin olmasını tələb edir. YAP adından da göründüyü kimi, yeniləşməyə meyillidir. Partiya namizədliyimi yeni nəslin nümayəndəsi kimi irəli sürüb. İlk növbədə partiyamızın rəhbəri, ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkür edirəm ki, mənim də namizədliyim bəyənilib. Partiyanın bütövlükdə rəhbərliyinə minnətdaram. Eyni zamanda, 89 saylı seçki dairəsindəki 38365 seçicinin hər birinə təşəkkür edirəm.

Nərmin Muradova: Namizədliyinizi ilk dəfə irəli sürən şəxs kimi təbliğat-təşviqat taktikanızı necə qurmuşdunuz?
- Göyçay-Ağdaş seçki dairəsində 36 məntəqə var idi, seçicilərlə intensiv görüşlər keçirdim, bütün kateqoriya üzrə seçiciləri əhatə edə bildim. Əlahiddə pedaqoji kollektivlə, tibb işçiləri, ağsaqqallarla görüşdüm. Həmçinin ayrıca gənclərlə görüş keçirdim. Gənclər cəmiyyətin lokomotividir, ən başlıcası YAP-a gənclərin böyük axını var. Qadın böyük qüvvədir, Qadınlar Şurasının üzvləri ilə fikir mübadiləsi apardıq. Həm Göyçay, həm də Ağdaşda müxtəlif təşkilat və idarələrin işçiləri ilə görüşdüm.

N.Ehlamqızı: Bakıdan gedib Göyçay, Ağdaşda təbliğat aparmaq, rəqiblərə qarşı mübarizə çətin olmadı ki?
- Məni rəqiblərimlə müqayisədə şanslı edən bir neçə amil vardı. Birincisi, insanlar gözəl bilirdi ki, hər hansı bir partiyanın üzvü deyil, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu Yeni Azərbaycan Partiyasının təmsilçisiyəm. Şahmat dili ilə desək, bunun özü ağ fiqurlarla oynamaq təəssüratı yaradırdı. Eyni zamanda, insanlar çox yaxşı bilir ki, YAP müxalif partiya kimi siyasi proseslərə qoşuldu və qalib gəldi. Əsl müxalifət necə olmalıdır modelini ortaya qoydu. Təhqir etmədən, təzyiq göstərmədən, müxtəlif qarayaxma kampaniyası aparmadan lider Heydər Əliyev siyasi mübarizə aparıb seçkilərdə qalib gəldi. YAP-ın namizədi olmağım özü şanslı edirdi. İkincisi, partiyamızın lideri prezident cənab İlham Əliyevdir. 2013-cü ilin oktyabrında xalqımız ölkə başçısı İlham Əliyevə səs verib onu növbəti dəfə prezident seçdi. Bu, cənab Prezidentin yetirdiyi siyasətə xalqın etimadı və etibarı idi. Seçicilər çox gözəl bilir ki, Prezident həm də YAP-ın təmsilçisidir. Belə olan vəziyyətdə ölkə Prezidentinin, hakim partiya rəhbərinin irəli sürdüyü, etimad göstərdiyi insan yaxşı namizəd olmalıdır. Bunun özü bizim üstünlüyümüz idi. Bu iki şərt xeyrimə işləyən çox mühüm amil idi. Təbii ki, seçici üçün etimad göstərilən şəxsin özünün keyfiyyətləri mühüm əhəmiyyət kəsb edir. Etimadı doğrultmaq məsələsi mühümdür. Seçicilərlə görüşüm zamanı özləri dedi ki, ən güclü silahım səmimiyyət oldu. Onlarla şablon ifadələrlə, akademik dildə yox, seçicinin öz dilində danışırdım. Seçici bilməlidir ki, bu namizəd onun öz içindən çıxmış namizəddir, yad deyil, doğmadır. Məni şanslı edən cəhət o idi ki, insanlarla ünsiyyətdə mənə deyirdilər ki, sən elə bil bizim evin qonağı idin. Onlar məni efirdən izləyiblər, indi isə canlı ünsiyyət yaradırdım. Bir epizod oldu, seçicilərdən bir xanım maraqlı fikir söylədi. Dedi ki, siz şəxsən məni böyük tərəddüddən xilas elədiniz. Tərəddüd o idi ki, biz sizi tanıyırdıq, fikirlərinizi bəyənirdik, amma düşünürdük ki, görəsən, efirdən gördüyüm adama 5 il müddətinə öz taleyimi deputat olaraq tapşırmağa dəyərmi? Dedi ki, nə yaxşı gəldiniz, bizimlə ünsiyyətdə oldunuz, bəlkə də xəbəriniz yoxdur, bizi böyük tərəddüddən xilas etdiniz, sizə səs verəcəyik. Düzgün taktikanın seçilməsi, seçicilərin problemlərinin həlli istiqamətində mövqeyim onların rəyini qazanmağıma kömək oldu. Onlara açıq şəkildə deyirdim ki, XXI əsrdə ağıllı, ziyalı insanları aldatmaqmı olar? Konkret filan müddətdə nələrsə edəcəyəm deyə bilmərəm, belə öhdəlik götürmürəm. Cəmiyyətdə "yel hardan əsdi, ora getdi" kimi imicim yoxdur. Bu və ya digər məsələlərlə bağlı həmişə obyektiv mövqeyim olub. Kimisə ləkələmək niyyəti güdməmişəm. Elə adamlar var ki, faktsız, arqumentsiz şəkildə kiminsə əleyhinə danışırlar. Mən isə milli maraqlara, dövlətçiliyə, fakta söykənirəm. Bu da xeyrimə işlədi. Bəzən kimsə çıxıb danışır, insanlar deyir ki, keçmişini bilirik, indi özünü mələk kimi təqdim edir.

Bəxtiyar Məmmədli: Bəs vədləriniz nə idi?
- Onları ən çox sosial yönlü məsələlər narahat edirdi. Seçicilər dedi ki, bəzən belə hallar olub, deputatlığa namizəd deyib ki, 3 ay müddətinə 7 kilometrlik yolunuzu çəkəcəyəm. Sonra yol çəkilmir, insanların ona inamı, etimadı olmur. Onlara izah edirdim ki, məni deputat seçsəniz, sizin yol və digər sosial yönlü məsələlərinizi hər zaman ən yüksək səviyyədə diqqət mərkəzində saxlayacağam. Bir çoxları and içir ki, problemin həlli üçün ərizə yazdım, şikayət etdim, amma həllini tapmadım, nə edim? Hesab edir ki, vicdanı təmizdir, hər şeyi etdi. Mən məsələyə belə yanaşmağın tərəfdarı deyiləm. Məsələyə nəticəyə görə qiymət verirəm. Problemin həllində heç bir nəticə əldə edə bilməmisənsə, deməli, elə yolla getmisən ki, o yol qələbəyə aparmır. Elə məsələ olub ki, nə qədər qaldırmışıq, bir nəticəsi olmayıb. Amma Brüsseldə beynəlxalq tədbirdə qəhvə içdiyimiz zaman həmin işə baxan adamdan həmin məsələ ilə bağlı xahiş etdim, hətta Bakıya zəng edib dedi ki, məsələni niyə yubadırsınız? Buna necə nail oldum? Qəhvə içən yerdə, ayaq üstə. Detallar vacib deyil. O taktika heç yox idi, amma digərləri alınmayanda, buna da əl atdım. İlk baxışda ən axırıncı variant bu ola bilərdi, amma effekt verdi. Deməli, nəticə mənə maraqlıdır. Onu Bakıda, yoxsa Brüsseldə, çay, yoxsa qəhvə içdiyimiz yerdə etməyimin əhəmiyyəti yoxdur.

"Seçicilərim dedi ki, sizi göyçaylı kimi qəbul edirik"

Səxavət Həmid: Siz Cəlilabad rayonunda doğulmusunuz, amma namizədliyinizi Göyçay-Ağdaş seçki dairəsindən verdiniz. Düzdür, dairə seçimində heç bir məhdudiyyət yoxdur. Amma insanların düşüncəsindəki stereotipin nəticəsidir ki, 89 saylı seçki dairəsindən namizədliyinizi verməyiniz təəccüblə qarşılandı.
- Bu sualları çox eşitmişəm. Mənə elə gəlir ki, bu, köhnə yanaşmadır. Hər birimiz azərbaycanlıyıq, dövlətimizin adı Azərbaycandır. Özü də bu, bir qədər parçalanmalara gətirib çıxaran məsələdir. Məsələn, Cəlilabadın icra başçısı tamamilə başqa rayonun nümayəndəsidir. Amma heç kəsi düşündürmür ki, o niyə cəlilabadlı deyil? Çünki cənab Prezident kimi məsləhət görürsə, onu başçı təyin edir. İnsanlarla ünsiyyətdən sonra hiss elədim ki, onlar küll halında bu məsələyə fərqli yanaşırlar. Hesab edirlər ki, söhbət bir ziyalının deputat seçilməsindən gedir. Söhbət əsnasında bildirdim ki, Albert Eynşteyn Almaniyada yaşayırdı, yəhudi idi, bir gün deyir, mənim nisbilik nəzəriyyəm baş tutsa, bu halda almanlar deyəcək o, almandır, fransızlar söyləyəcək ki, o, təkcə, alman deyil, həm də fransızdır, bir başqaları deyəcək, o, nə alman, nə də fransızdır, o, dünya vətəndaşıdır. Vay o gündən ki, nisbilik nəzəriyyəsini sübut edə bilməyim, onda fransızlar deyəcək ki, onun Fransaya heç bir aidiyyatı yoxdur, o, almandır. Almanlar deyəcək, o nə vaxtdan alman olub, yəhudidir. Mən isə hesab edirəm ki, həm göyçaylı, həm də ağdaşlıyam. Seçicilərimə məsələni bu şəkildə qoydum, dedim ki, məni qəbul etsəniz, o halda göyçaylı və ağdaşlı olacağam. Bu fikrimdən sonra əl çalıb dedilər ki, sizi göyçaylı kimi qəbul edirik (gülür).

Aqil Lətifov: Özünüzü necə deputat olaraq görürsünüz?
- Seçicilərimlə zalda ünsiyyətdən sonra onların danışığından, üzlərinin təbəssümündən hiss edirdim ki, mənə qarşı müsbət mövqe var. Sual verdim ki, xalq arasında belə yanaşma var, deyirlər filan deputat düymə basmaqla məşğuldur. Dedim bayaqdan mənə qulaq asdınız, heç mən düymə basan deputata oxşaya bilərəm? Dedilər, yox, qətiyyən (gülür). Hərənin bir missiyası var. Mənim bu günədək fəaliyyətim, məsələlərə münasibətim vadar edir ki, insanlar bildiyi sahələrdən söhbət gedəndə susa bilmir. Mən deputat olmadan faktiki beynəlxalq məsələlərlə bağlı məşğul idim. Canlı efirlərdə qəliz məsələlərlə bağlı müzakirələrdə iştirak etmişəm. Yeni statusda daha böyük məsuliyyətlə nə ilə məşğul olurdumsa, elə o işləri görəcəyəm. Burada yeni ştrixlər - qanunvericilik prosesi, təklif, tövsiyələr və s. də var. Məncə, daha çox beynəlxalq münasibətlər, xarici siyasət, təhlükəsizlik məsələləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, insan haqları və onun müdafiəsi Milli Məclisdə fəaliyyət sahələrim olacaq. Bizə təzyiqlə, daha çox insan haqları ilə bağlı olur. Qərbdə bu məsələlərin necə olduğu ilə bağlı çox geniş yazılarım gedirdi. Təbii ki, ölkədaxili məsələlər, sosial-iqtisadi yönlü məsələlərlə bağlı da fəaliyyət göstərəcəyəm.

S.Həmid: Tamamilə mümkündür ki, insan hüquqları komitəsinin sədri seçiləsiniz?
- Bununla bağlı ara-sıra jurnalistlərdən fikirlər eşidirəm. Onlar bu sferadakı çıxışlarımla bağlayırlar. Amma bu barədə hansısa təklif və ya tövsiyə olmayıb. Bu, ayrı-ayrı jurnalistlərin mənimlə bağlı rəyləridir.

“Biz Avropaya yox, Avropa bizə inteqrasiya etməlidir”

Dilqəm Əhməd: Azərbaycanın xarici siyasəti hansı istiqamətdə qurulub? Biz 1993-cü ildən bəri Avropaya inteqrasiya xətti götürmüşdük, o istiqamətdən gələn təzyiqlərdən sonra bizdə müəyyən şübhələr yarandı. İndi xarici siyasətimizin prioriteti nələrdir?
- Azərbaycan inteqrasiya prosesinə həmişə loyal yanaşıb. Biz bir çox beynəlxalq təşkilatların üzvüyük. Gözləntilərimiz vardı. Cənab Prezident dəfələrlə söyləyib ki, biz elə bilirdik inteqrasiya etdikdən sonra onlar bizimlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə üstünlük verəcəklər. Amma bizimlə diktə dilində danışmaq, bizə təzyiq göstərmək yolunu seçdilər. Cənab Prezident qeyd edib ki, Avropanın özündə mənəvi böhran yaşanmaqdadır. Bu, miqrant böhranı yox, dinlərarası böhrandır. İslamafobiya tüğyan etməkdədir. Yaxın Şərq ölkələrindən didərgin düşmüş insanları qapalı yerə salırlar, onlarla heyvanlara yem atırlarmış kimi davranırlar. Cənab Prezident açıq şəkildə bildirib ki, bu, Avropanın öz dəyərlərinə sadiq olmadığının göstəricisidir. Özləri öz dəyərlərinə sadiq deyillər, deyirlər bizə inteqrasiya edin. İnteqrasiya olunacağımız yerin dəyərləri böyük erroziyaya uğrayıb. Bunun qarşılığında bizdə mədəniyyətlərarası dialoq var, multikulturalizm həyat tərzidir, müxtəlif dinlərin, mədəniyyətlərin daşıyıcıları harmoniyada yaşayırlar. Bu reallıq bizdədir, Almaniyada “Pegida” hərəkatı başlayıb, faşizm dirçəlməkdədir, bu reallıq isə Avropadadır. Cənab Prezident çıxışlarının birində qeyd edib ki, 10-15 il bundan qabaq bizə desəydilər ki, faşizm yenidən dirçəlib, biz buna inanmazdıq. Hesab edərdik ki, o, artıq tarixin arxivinə atılıb, amma bu gün faşizm dirçəlib. II Dünya müharibəsində faşizmlə əməkdaşlıq edənlərə milli qəhrəman kimi yanaşırlar. Ermənistanda kim ki, Hitlərə xidmət edib, küçələrə, meydanlara onların adı verilib. Bu, təhlükəli tendensiyadır. Belə olan vəziyyətdə kim kimə inteqrasiya etməlidir? Bu sual aktuallaşır. Azərbaycanmı Avropaya? Yoxsa Avropa bu reallıqda Azərbaycandakı modeli tətbiq etsin, gələcəyini böyük fəlakətlərdən hifz eləsin. Cənab Prezident hər çıxışında həyəcan təbili çalır ki, dünya ayılsın, öz tarixindən dərs alsın. Bu gün elə proseslər gedir ki, növbəti 15 ildə nələrin olacağı sualına cavab vermək çətindir. Prezident çox haqlı olaraq məsələni qoyur ki, bu reallıqda kim bizimlə əməkdaşlıq edərsə, onunla əməkdaşlığa hazırıq. Biz inteqrasiya etmişik, bundan sonra korlanmış sistemdə inteqrasiyaya ehtiyac yoxdur.

B.Məmmədli: Avropada dəyərlər aşınmaq üzrədir. Cənubi Qafqaz ölkələri içərisində ən çox təzyiq olunan ölkə Azərbaycandır. İnsan haqları, demokratiya məsələlərini ortaya atırlar...
- Bu məsələ ilə bağlı Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çox gözəl fikir söyləyib. O deyir ki, inkişaf etmiş xristian dövlətlər heç bir vəchlə kiçik müsəlman dövləti ilə yanaşı dayanmağı həzm edə bilmirlər. Müsəlman deyəndə dünya xristianının gözündə bir obraz formalaşmalıdır: qırğın, vətəndaş müharibəsi, qarşıdurma. İslamafobiya qorxusu aşılayırlar, amma bir müsəlman dövlət - Azərbaycan sürətlə inkişaf edir, dünyəvi dövlətdir, multikulturalizm hökm sürür. Cənab Prezident də hədəf qoyub ki, növbəti 10 ildə biz inkişaf etməkdə olan dövlətlər sırasından inkişaf etmiş dövlətlər sırasına daxil olaq. Prezident beynəlxalq təşkilatların diktəsi altında deyil, xalqın istədiyi addımları atır. Bunu həzm edə bilmirlər. Türkiyə ilə Ermənistanın sərhədlərinin açılmasından yüz faiz əmin idilər və bu istiqamətdə iş gedirdi. Bildilər ki, Azərbaycan Prezidenti və xalqın qətiyyətli mövqeyi bunun açılmasına imkan vermədi. Barak Obama, Hillari Klinton 2009-cu ildə Azərbaycan Prezidentini İstanbulda konfransa çağırdılar ki, üzbəüz təzyiq göstərsinlər və desinlər ki, etiraz etmə, sərhədlər açılsın. Hamı fikirləşirdi ki, fövqəldövlətin Prezidenti onu çağırır, camaat Obamanın qəbulunu düşmək üçün milyonlar xərcləyir, hər üsuldan istifadə edirlər. Amma Azərbaycan Prezidenti getmədi. Getsə, məlum təzyiqlər olacaqdı, getməmək ondan da təhlükəli idi, çünki söhbət fövqəldövlətdən gedir. Bunun üçün siyasi iradə və qətiyyət olmalıdır. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin çox maraqlı bir ifadəsi var: “Azərbaycan Prezidenti problem və çətinlikləri stimula çevirməyi bacaran prezidentdir”. Bir çoxları çətinlik, problem qarşısında sınır. Amma Prezident onunla üzləşəndə bunu stimula çevirir. Bu, xüsusi keyfiyyətdir. Xalqın prezident ətrafında monolit birliyi prezidenti güclü edir. İstəyirlər ki, idarəolunan xaos vəziyyəti olsun. Elə bir prezident olsun ki, millətin maraqları kənarda qalsın, ona deyəndə ki, filan addımı at, atsın. Görmüsünüzmü, ABŞ Dövlət Departamentinin hesabatında ABŞ-ın hərbi bazalarının olduğu müsəlman ölkələrində insan hüquq və azadlıqlarının pis olduğu barədə bir fikir getsin? Çünki hərbi baza var, nə deyirlər, həmin ölkə bir çox hallarda xalqın maraqlarının ziddinə olaraq onu yerinə yetirir. Ən başlıcası isə ölkə prezidentinin diplomatik gedişləri həmin tərəfləri razı salmır. Heç bir halda istəmirdilər ki, müsəlman ölkələrinin gözdənsalma kampaniyasının tüğyan etdiyi vəziyyətdə müsəlman dövləti gəlib BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olsun. Azərbaycan Prezidentinin gedişləri onları çox çıxılmaz vəziyyətə salmışdı. Yadınızdadırmı, 2011-ci il oktyabrın 24-də səsvermə oldu, 155 dövlət bizə səs verdi. Cənab Prezident bir çoxlarını təəccübləndirəndirəcək addım atdı. İyun ayında Azərbaycanı Qoşulmama Hərəkatına üzv etdi. Qoşulmama Hərəkatı BMT Baş Məclisindən sonra ikinci böyük təşkilatdır. Orada 193, bu təşkilatda 120 dövlət təmsil olunur. Əslində, bugünkü dünya reallığında Qoşulmama Hərəkatının elə böyük funksiyası yoxdur. Soyuq müharibə dövründə xüsusi rolu vardı. Cənab Prezidentin addımları bugünkü reallığa yox, sabaha hesablanıb. 120 nəfərlik ailənin üzvü olduq, birinci öhdəliyi heç bir hərbi bloka daxil olmamaq idi və digər öhdəliksə, heç bir hərbi blokun bazasının ölkəmizdə olmaması idi. Bu addım 120 nəfərlik ailəyə xoş gəldi. Demək, heç kimin, o cümlədən NATO-nun təsiri altında olmayacaqsan. 3-4 ay sonra BMT Baş Məclisinə seçkilərdə Sloveniya kimi Avropa ölkəsinə “yox” dedilər, bəyan etdilər ki, öz ailəmizin üzvü, heç bir hərbi bazanı öz ərazisinə qoymayan Azərbaycana səs verəcəyik. Prezidentin bir jestinin nəticəsində 120 səs topladıq. Böyük siyasəti bilməyənlər çox zaman bunu tənqid edirlər, deyirlər ki, Azərbaycan NATO yolundan sapdı. Amma sonra gördülər ki, bu jestin arxasında nə dayanırmış. Azərbaycan Prezidenti də bu siyasəti yerinə yetirib Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirir, dostlarımızın sayı çoxalsa da, bizi istəməyənlər də artır.

"İldırımsürətli müharibə ilə məqsədə çatmaq mümkündür"

D.Əhməd: Qarabağ problemini həll etməli olan ölkələrdən ikisi Avropada yerləşir. Münaqişə getdikcə dalana dirənir, hər hansı bir irəliləyiş yoxdur. Münaqişə necə həll edilməlidir?
- Münaqişənin həlli ilə bağlı iki variant var: ya dinc yol, ya da müharibə. 1992-ci ildən bəri Minsk qrupuna daxil olan 11 dövlət və həmsədr ölkələr etiraf etməsələr belə, onların danışıqlar prosesində tutduqları mövqe status-kvo vəziyyətinin qorunub saxlanmasına xidmət edir. Azərbaycan tərəfi dəfələrlə təxribatların şahidi olub, cənab Prezident məsələni ən yüksək səviyyələrdə qaldırıb. Münhendə Təhlükəsizlik Forumunda açıq şəkildə qeyd etdi ki, Ermənistan təkbaşına belə aqressiv siyasət həyata keçirə bilməzdi. Ona dəstək verən isə nə qədər paradoksal olsa da, həmsədr dövlətlərdir. Hər üç həmsədr dövlətdə qondarma Dağlıq Qarabağ respublikasının daimi nümayəndəliyi fəaliyyətdə göstərir, faktiki olaraq özünü səfirlik kimi təqdim edir. ABŞ həmsədr dövlətdir, maliyyə ayırdığı ölkələr sırasına qondarma “DQR”i dövlət kimi salıb. Bu vəziyyətdə də münaqişənin həllindən danışırlar. Belə olan halda bizim bir yolumuz qalır: güclənmək! Münaqişənin həlli ilə bağlı bir variant belədir: Sərkisyan rejimi onun fərqindədir ki, bu siyasəti davam etdirməsi onu dalana dirəyib. Ermənistanda əhali köç edib gedir və bu siyasətin sonu yoxdur. Bir gün hər şey nəzarətdən çıxa bilər, Sərkisyan rejimi bunu dərk edib kompromisə gəlir. Bu, nəzəri baxımdan mümkün olsa da, praktiki baxımdan mümkünsüzdür. Çünki Sərkisyan ölkəni elə bir vəziyyətə gətirib çıxarıb ki, xalq köç edir, iqtisadiyyat iflic vəziyyətdədir, deyərlər ki, hələ bu azmış kimi sən Qarabağı da geri qaytarırsan? Bu, onun sonunun başlanğıcı olar. Ona görə də bu variant qeyri-realdır. İkincisi, həmsədrlər münaqişənin həlli ilə bağlı nəhayət ki, Ermənistana real təzyiq göstərir ki, sən sülhə gəl, əks halda müharibə labüddür. Amma həmsədrlər dişsiz siyasət sərgiləyirlər. Helikopter avantüraları tez-tez olur. Həmsədrlər reaksiyalarında tərəflərə bərabərlik işarəsi qoyurlar, atəşkəsi kimin pozduğunu demirlər. Deməli, ikinci variant - həmsədrlərin təzyiqi ilə Ermənistanın mövqe dəyişməsi də qeyri-realdır. Üçüncü variant isə ondan ibarətdir ki, gücləndikcə elə həddə gəlib çata bilərik ki, həmsədrlər Ermənistanı başa sala bilər ki, artıq müharibə labüddür, daha Azərbaycan tərəfi danışıqlara gəlmək istəmir, çünki bilir ki, bunların nəticəsi yoxdur və müharibə başlasa, sənin biabırçı məğlubiyyətin labüddür. Bunu yaşamaqdansa, kompromisə gəl. Bu, bizim Ermənistandan bir neçə 10 dəfələrlə güclü olduğumuz vəziyyətdə mümkündür. Müharibəyə başlayanda bir həftəyə, 10 günə bayraq Xankəndinə sancılmalıdır. 4,4 min kvadrat kilometrlik Dağlıq Qarabağın hava məkanında bizim təyyarələrimiz o qədər çox olmalıdır ki, yay vaxtı aşağıda kölgə əmələ gəlsin, erməni hiss etsin ki, o kölgədədir, hava məkanı tutulub. İldırımsürətli müharibə ilə məqsədə çatmaq mümkündür. Dünya özünə gələnə qədər bayrağı Xankəndinə sancmalıyıq. Qalibləri isə mühakimə etmirlər. Mənə elə gəlir ki, siyasətimiz bu versiya üzərində qurulub və bu istiqamətdə getməkdədir.

N.Ehlamqızı: Siyasət ağır sahədir, ailənizə vaxt ayıra bilirsiniz?
- Ailə üzvlərim artıq iş qrafikimə, həyat tərzimə öyrəşiblər. Həddindən artıq gərgin iş rejimində çalışıram. Bu yay dincəlməmişəm. Məzuniyyətə çıxmışam, amma seçki ilə bağlı çalışırdıq, işlər çox intensiv gedirdi. Çünki etimad var, partiya böyük kampaniya aparır, mən necə dincələ bilərdim? Sağ olsunlar, ailə üzvlərim mənə dəstək oldular. Mən işlədiyim zaman nə vaxt baxırdım, çayım isti idi.

N.Ehlamqızı: Neçə övladınız var?
- Üç övladım - iki qızım, bir oğlum var. Böyük qızım 4-cü sinifdə oxuyur. Oğlumun isə 3 yaşı olacaq. Televiziyada çıxış edəndə televizorun qarşısına gəlib məni əli ilə göstərir. Professor olanda nədəsə itirirsən (gülür).

Nərgiz EHLAMQIZI

Foto: Elçin MURAD


Müəllif: