12 İyul 2014 20:09
1 436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya çempionatının başlamasını necə səbirsizliklə gözlədiyimizi xatırladım. Əvvəlcə ayları sayırdıq.

Sonra ayları günlər əvəz eləməyə başladı. Ən sonda isə saatlarla ölçülürdü bu həsrət. Bəli, məhz həsrət.
Hər bir futbolsevər üçün belə mötəbər bir turniri gözləmək məhz həsrətdir. 4 ildən bir yaşamaq olur o sevinci, o coşğunu, o həyəcanı. Biz də beləcə bir gözümüz mavi ekranlarda, bir gözümüz xəbər saytlarında , qulağımız hər təzə xəbərə açıq vəziyyətdə ilk oyunla bərabər qoşulduq bu axına.

Bu oyundu, o oyundu, tez başladı, gec qurtardı, hardan baxaq, kim yaxşı şərh eləyir deyə-deyə bir də onda gördük ki, artıq bir ayı geridə qoymuşuq. Nələr yaşanmadı bu bir ayda. Üzüntülər, sevinclər, duyğulu anlar, əsəbi dəqiqələr...

Hakimləri qınadığımız, söydüyümüz də oldu. İlk oyunlarda çox tez-tez şahid olurduq ədalət təmsilçilərinin bilərəkdən və ya bilməyərəkdən elədikləri ədalətsizliklərə. Tədricən, sular durulduqca bu mövzuda mübahisələr də səngiməyə başladı.

Sürpriz komandalar çox oldu. Qrup mərhələsinin oyunlarında elə komandalardan elə çıxışlar izlədik ki, əvvəlcə gözlərimizə inanmadıq, sonra favorit kimi gördüyümüz komandalara. Ancaq yenə də ən sonda razılaşdıq hər şeylə. Razılaşmayıb nə edəcəkdik ki?

Məsələn, bir İngiltərə azarkeşi komandası qrupda qaldığına görə bütün çempionatı boykot edəsi deyildi ki? Ya da bir İtaliya futbolunu sevən adam təəssüflənməkdən başqa nə edə bilərdi ki?

Avropada ispan klub futbolunun hegemoniyasının davam elədiyi bir zamanda Del Boske və yetirmələrini Braziliyadakı biabırçılığına yazıq azarkeş nə etsin?

Əvəzində isə yeni-yeni komandalar kəşf elədik. Kolumbiya, Kosta Rika, Çili, Belçika, Əlcəzair kimi çox adamın şans vermədiyi millilər elə gözəl oyun göstərdilər, yəqin ki, bundan sonrakı çempionatlarda da azarkeşlər tərəfindən həmişə sevgi ilə xatırlanacaqlar.

Yarımfinalda isə artıq hər şey düzəldi deyirdik. Argentina azarkeşlərinin gözlədiyindən daha pis oyun göstərsə də, hər halda son dördlükdə idi.

Braziliya meydan sahibi kimi şansları yüksək dəyərləndirilsə də, pis-yaxşı o da öz yerini tuta bilmişdi nəhənglərin arasında. Almaniya da bura qədər əlini-qolunu sallayıb rahatlıqla gəlməmişdi, ancaq o da artıq özü ilə öyünə bilərdi.

Və Hollandiya. Dahi Lui Van Qalın bir-iki oyunçu istisna, heç kimin tanımadığı oyunçulardan düzəltdiyi narıncı komandası elə ilk oyunundan "Gəlirəm!" siqnalını vermişdi.

Hər gözəl şey kimi bu da tez bitdi. Azarkeşlər gözlərini yumub açana kimi bir də gördülər ki, artıq Almaniya Braziliyanın daşını daş üstə qoymayıb, darmadağınla gəlib finala.

Argentina isə Hollandiya ilə 120 dəqiqəlik süpürləşmədən sonra birtəhər adını son ikiyə yazdırdı.
İndi qaldı mükafatçıların kim olduğunu aydınlaşdırmaq. Deyilənlərə görə, nə Braziliya, nə də Hollandiyanın üçüncülük matçına çıxmağa "üzü qalmayıb". Yəni hər iki ölkə futbol federasiyaları FİFA-ya müraciət ediblər ki, üçüncülük uğrunda oyun olmasın. Maraqlı təşəbbüsdür.

Argentina və Almaniya isə rahat-rahat ən güclünün kim olduğunu aydınlaşdırmaq üçün hazırlaşırlar. Biz də maraqla gözləyirik.

Birincinin kim olduğunu bilmək yaxşıdır, ancaq təəssüf ki, bu həm də bir aylıq dolu-dolu yaşanmış futbol zövqünün bitməsi deməkdir.

Nə edək, hər gözəl oyunun bir gün sonu çatır.


Müəllif: Zaur Xudiyev